Qəbul imtahanlarına hazırlıq məsləhətləri

Qəbul imtahanlarına hazırlıq məsləhətləri

Qəbul imtahanlarına necə hazırlaşmalı? İmtahan öncəsi sakitləşdirici qəbul etmək olarmı? Bu və digər sualları məqalədə cavablandırmışıq.


Hər birimiz bilməliyik ki, imtahan öncəsi (xüsusilə qəbul imtahanı öncəsi) həyəcan tamamilə normaldır, hətta qaçılmazdır. İmtahana nə dərəcədə hazır olmaqdan asılı olmayaraq müəyyən həyəcan həmişə olur. Çünki bu zaman orqanizm və psixika hazır vəziyyət alır və zehni fəaliyyətə köklənir. Bəzən həyəcanın heç olmaması imtahanı yaxşı verməyə mane ola bilər. Məhz buna görə imtahan öncəsi güclü sakitləşdirici və antidepressantlar qəbul etmək təhlükəlidir.

Yüksək səviyyəli psixoloji vəziyyət imtahana hazırlığın necə keçməsindən asılıdır. Hazırlıq zamanı bəzi vacib qaydaları unutmaq olmaz:

1.Sakitləşdirici vasitələr və dərmanlar qəbul etməkdən çəkinin, belə ki, bu vasitələr beynin fəaliyyətini ləngidə, fikri toplamağa mane ola bilər. Belə vasitələr əks təsir göstərə, əsəbiliyi dəfələrlə artıra bilər. Kimyəvi preparatlar gözlənilmədən yuxusuzluq və həyəcan kimi xoşagəlməz nəticələr verə bilər.

2. Unutmayın ki, sağlam yuxu istənilən dərman və sakitləşdiricinin ən yaxşı əvəzləyicisidir. Oğlanlar imtahana hazırlıq zamanı 7-8 saatdan az olmayaraq, qızlar isə daha artıq, 8-9 saat yatmalıdır.

3. İstənilən piyada gəzinti və yüngül fiziki hərəkətlər psixoloji tarazlığı saxlamağa kömək edir və mənəvi güc verir.

4. İmtahana hazırlıq dövründə yaxşı qidalanmağı unutmayın. Əgər yemək hazırlamağa vaxtınız yoxdursa fast-fud və buterbrodlara üstünlük verməyin. Siz lazım olan ərzaqlar -meyvə, tərəvəz, süd məhsulları və ətdir. İmtahan öncəsi az miqdarda şokolad testlər üzərində diqqət toplamağa kömək edir və qanda sevinc hormonlarını artırır.

İmtahana hazırlıq zamanı ən əsası mənəvi hazırlıqdır. Hazırlıq zamanı toplanan əsəb gərginliyindən necə azad olmaq olar?
• Özünə inamı inkişaf etdirin. Unutmayın ki, özünə inamlı insan istənilən vəziyyətdən çıxış yolu tapa bilər.
• İmtahandan bir gün öncə istirahət etmək, yatmaq, dincəlmək lazımdır. Gecəyarıya qədər oxumaq, nəisə öyrənməyə çalışmaq məsləhət deyil.
• Unutmayın: həyəcana üstün gəlmək üçün relaksasiyaya, autotreninqə vaxt tapmaq lazımdır. Sakitləşin və beyninizi gərəksiz fikirlərdən azad edin.
• Əgər çox həyəcanlısınızsa, əvvəlcədən təlim testləri keçirmək lazımdır. Sualları cavablandırmaq üçün hər mərhələdə nə qədər zaman lazım olduğunu müəyyənləşdirin.

İmtahan günü rahat geyim və ayaqqabı seçin. Özünə inamlı olmaq üçün yeni geyimdən çəkinin. Sakit olun və ancaq testlər üzərində diqqətinizi toplayın. Dərindən nəfəs alın və başlayın...

Comments (0)