Mexanika-Riyaziyyat Fakültəsi

Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsi, fizika-riyaziyyat fakültəsinin bazası əsa­sın­da yaradılmışdır. Fizika-riyaziyyat fakültəsi 1920–1921-ci dərs ilindən fəaliyyətə başlamışdır. Fakültənin ilk dekanı prof.V.F.Razdorski olmuşdur. 1921-ci ildən başlayaraq 1930-cu ilədək fakültənin tərkibində dəqiq riyaziyyat və tətbiqi riyaziyyat kafedraları fəaliyyət göstərmişdir.1958–1959-cu tədris ilində fizika-riyaziyyat fakültəsi iki müstəqil fakültəyə – mexanika–riyaziyyat və fizika fakültələrinə ayrılmışdır. Mexanika-riyaziyyat fakültəsinin ilk dekanı Azərbaycan EA-nın həqiqi üzvü, prof. Əşrəf Hüseynov olmuşdur. Keçən illər ərzində fakültədə dekan vəzifəsində prof. Ələddin Mahmudov, Azərbaycan EA-nın həqiqi üzvü, prof. Mirabbas Qasımov, Azərbaycan EA-nın müxbir üzvü, prof. Qoşqar Əhmədov, prof. Qənbər Namazov, dos. Rüstəm Sultanov, Azərbaycan EA-nın müxbir üzvü, prof. Arif Babayev, prof. Sadiq Abdullayev çalışmışlar. Hal-hazırda fakültə dekanı professor Nizaməddin İsgəndərovdur. Müxtəlif vaxtlarda fakültədə işləmiş tanınmış alimlərdən A.A.Buxştab, Y.B.Lopatinski, A.S.Kovanko, E.İ.Yelkin, B.A.Rozenfeld, V.A.Tartakovski, görkəmli Azərbaycan alimlərindən, akademiklər – Zahid Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov, Məcid Rəsulov, Azad Mirzəcanzadə, Məmmədbəy Əfəndiyev, Mirabbas Qasımov, Cəlal Allahverdiyev, Fərəməz Maqsudov, Akif Hacıyev, müxbir üzvlər – Maqsud Cavadov, Yusif Əmənzadə, Qoşqar Əhmədov, Arif Babayev, Yəhya Məmmədov və başqaları fakültənin formalaşmasında, onun elmi potensialının artırılmasında və yüksək ixtisaslı elmi kadrların hazırlanmasında mühüm rol oynamışlar. Mexanika-riyaziyyat fakültəsi respublikada riyaziyyat elminin inkişafında xüsusi yer tutur. Fakültədə tədris azərbaycan, ingilis və rus dillərində omaqla əyani və qiyabi formada aparılır. Hal-hazırda mexanika-riyaziyyat fakültəsində 950 bakalavr və 78 magistr təhsil alır. Fakültənin əsas elmi tədqiqat istiqamətləri: sinqulyar inteqral tənliklər nəzəriyyəsi, xüsusi törəməli diferensial tənliklər nə zəriyyəsi, operatorlarin spektral nəzəriyyəsi və spektral analizin tərs məsələləri, optimal idarəetmə nəzəriyyəsi, funksional fəzaların daxilolma nəzəriyyəsi, tənliklərin təqribi həll üsulları, cəbr, həndəsə və topologiyanın aktual problemləri, elastiklik və plastiklik nəzəriyyəsinin müasir problemləri, qaz və mayedinamikası, aeromexanika. Fakültədə 9 kafedra, 3 tədris laboratoriyası fəaliyyət göstərir.